Главная > İqtisadiyyat / Manşet > Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirildi, nazir İnam Kərimov fermerləri dinlədi

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirildi, nazir İnam Kərimov fermerləri dinlədi


. Разместил: admin44


 
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində mediatur, fermerlərlə görüş

Şüarımız DAİM fermerlərin yanında olmaqdır

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) fermerlərə xidmət göstərməyə başlayıb. Bu məqsədlə noyabrın 27-də mərkəzdə media üçün təqdimat keçirilib. Əvvəlcə kənd təsərrüfatı naziri İnam Kərimov mərkəzdə yaradılan şəraitlə tanış olub, daha sonra fermerlərlə görüşüb.
Məlumat üçün bildirək ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. Məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.
Jurnalistlərə açıqlama verən nazir İnam Kərimov bildirib ki, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması ilə ölkədə aqrar islahatların yeni mərhələsi başlayıb. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar. Bundan başqa, DAİM-nin nəzdində Fermer və Koordinasiya Şuraları da yaradılacaq. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunacaq. Şuraların əsas vəzifələri problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya Şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək.
Tanışlıq zamanı bildirilib ki, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Fitosanitar Xidməti) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə 68 növ xidmət göstərilir.
 
Mərkəzin 52 əməkdaşı var. 3 mərtəbə və zirzəmidən ibarət olan binada 35 iş otağı, mətbəx, məişət otağı, təlim mərkəzi və iclas zalı var.
Burada diaqnostik və bakterioloji laboratoriyalar və mərkəz fəaliyyət göstərir. Lənkəran Aqrokimya Laboratoriyasının Masallı rayonu üzrə baş aqrokimyaçısı Cavid Məmmədov mərkəzdə əkinəyararlı torpaqların aqrokimyəvi tədqiqatlarını, pasportlaşdırılmasını və kartoqramların hazırlanmasını həyata keçirir, Lənkəran Toxum Sertifikatlaşdırma Laboratoriyasının Masallı rayonu üzrə baş aqronomu Mübariz Abuşov isə toxumluq əkinlərin aprobasiyasını təşkil edir, toxumların keyfiyyət göstəricilərini müəyyənləşdirir və sertifikatlaşdırma aparır. Masallı Bitki Mühafizə Mərkəzi rayon ərazisində kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılması, xüsusi təhlükəli və karantin zərərvericilərinə, xəstəlik və alaq otlarına qarşı müşahidə və mübarizə tədbirləri görür.
Jurnalistlərə məlumat verilib ki, Masallı Rayon Baytarlıq İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən epizootik tədbirlər planında nəzərdə tutulmuş, dövlət büdcəsindən maliyyələşən xəstəliklərə (qarayara, quduzluq, dabaq, leptosprioz, qoyunların çiçək xəstəlikləri, bruselyoz REV-1, Brudols19, quşların Nyukasl xəstəliyi, qara-malın nodulyar dermatit xəstəliyi) qarşı profilaktik peyvəndləmələr və diaqnostik müayinələr aparır. Bundan başqa, rayon Baytarlıq İdarəsi heyvan sahiblərinin öz vəsaiti hesabına digər profilaktik peyvəndləmələr, diaqnostik müayinələr, obyektin dezinfeksiyası, dezinseksiyası, deratizasiyası və heyvanların müalicəsini həyata keçirir.
Baş Dövlət Texniki Nəzarət Xidmətinin Cəlilabad Regional Bölməsinin Masallı rayonu üzrə baş məsləhətçisi Yaşar Ağayev tərəfindən isə rayon ərazisində mövcud kənd təsərrüfatı texnikalarının illik texniki baxışı aparılır.
Daha sonra kənd təsərrüfatı naziri İnam Kərimov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Fermer və Koordinasiya Şurasının iclasında iştirak ediblər. Nazir bildirib ki, rəhbərlik etdiyi qurumun məqsədi bütün aqrar xidmətlərin vahid mərkəzdən göstərilməsi, şüarımıza uyğun olaraq fermerlərin yanında olmaqdır. Yaxın 3 il ərzində 10 minə yaxın könüllünün aqrar sektora cəlb edilməsi, bununla bağlı ayrıca proqramın həyata keçirilməsi nəzərdə tutulub. Hər bir DAİM-də könüllülər fəaliyyətə başlayıb. Bundan əlavə Nazirlik tərəfindən yeni layihələr – aqrar məşğulluğun artırılması yönümündə “Amal” layihəsi, məhsul satışına, yeni bazarların tapılmasına kömək məqsədilə müasir yarmarka konsepsiyası əsasında qurulmuş “Kənddən Şəhərə” layihəsi fəaliyyətə başlamaq üzrədir. Məqsəd yerlərdə fermerlərə dəstək olmaqdır. “Elektron kənd təsərrüfatı” təcrübəsindən danışan İ.Kərimov bunun fermerlərə planlaşdırmanı düzgün qurmaqda köməyindən bəhs edib. Nazir əlavə edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi hazırlanıb və müvafiq dövlət qurumlarına təqdim edilib. Ümid edirik ki, qanun layihəsi qəbul olunduqdan sonra fermerlər məhsullarını dövlətin dəstəyi ilə sığortalaya biləcəklər.
Görüşdə iştirak edən RİH başçısı Rafil Hüseynov Masallıda aqrar sahənin inkişafından, eləcə də son illər rayonda sərfəli əkin növlərinin geniş vüsət almasından danışıb. 
“Tərəqqi” medallı Hadı İsmayılov, “Əmək” ordenli Etibar Sadıqov, Mirqasım Bağırov, Qönçə Quliyeva və digər fermerlər çalışdıqları sahələr üzrə qarşılaşdıqları problemləri səsləndiriblər.
Diqqətə çatdırılan təklif və problemlərin təhlil olunaraq nəzarətə götürüləcəyini bildirən nazir İnam Kərimov fermerlərə uğurlar arzulayıb.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az 
Вернуться назад